“Qız qalası” baleti dekabrın 23-də Heydər Əliyev Sarayında nümayiş olunacaq
NQ
Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti nümayiş olunacaq.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1940-cı ildə ilk dəfə səhnəyə qoyulan və Azərbaycanın ilk milli baleti hesab edilən əsər yeni musiqi və səhnə redaksiyasında təqdim ediləcək.
“PAŞA Bank” ilə teatr arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində reallaşan layihənin məqsədi baletin tarixi və bədii ruhunu qorumaq, onu müasir səhnədə yeni tamaşaçı nəsli ilə görüşdürməkdir.
Nakam məhəbbət və sədaqət mövzusunu əhatə edən əsərin süjetində Xəzər sahilində yaşayan Gülyanaq və Poladın faciəli sevgisi təsvir olunur. Cahangir xan Gülyanağın gözəlliyinə heyran olaraq onu sarayına aparır, Poladın edamını əmr edir və sevgilisini xilas etmək istəyən Gülyanaq xanı dəniz sahilində qala tikməyə razı salır.
Baletin musiqisinin və librettosunun müəllifi Əfrasiyab Bədəlbəylidir, yeni musiqi redaktəsi Fərhad Bədəlbəyliyə, aranjeman isə Musa Mirzəyevə məxsusdur. Tamaşanın dirijoru Əyyub Quliyev, quruluşçu baletmeysteri Qəmər Almaszadə, yeni quruluş redaksiyasının müəllifi Yulana Əlikişizadədir.
Quruluşçu rəssamlar Əyyub Fətəliyev və Tehran Babayev, geyim üzrə rəssam Mustafa Mustafayevdir. Baletmeyster-repetitorlar Mədinə Əliyeva, Gülağası Mirzəyev, Yuriy Lobaçev və Cəmilə Kərimova, konsertmeyster isə Züleyxa Usubovadır.