Ukrayna elektrik ixracını dayandırıb
NQ
Ukrayna elektrik enerjisi ixracını dayandırıb, ölkəyə elektrik idxalı isə iyun ayının ortalarından bəri ən yüksək səviyyəyə çatıb.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Ukraynanın enerji infrastrukturuna dəyən zərər səbəbindən elektrik ixracı dayandırılıb. Ukrayna İqtisadi Strategiya Mərkəzinin (CES) məlumatına görə, vəziyyət noyabrın 20-dən sonra daha da ağırlaşıb.
Mərkəzin bildirdiyinə görə, ölkə daxilində elektrik enerjisi təminatında çətinliklər yaşanır və bəzi regionlarda elektrik kəsintiləri gündə 12 saatdan artıq davam edir. Bu vəziyyət qışın sərt şaxtaları başlamazdan əvvəl yaranıb.
Oktyabr ayında Ukrayna daxili istehlakçılar uzunmüddətli elektrik kəsintiləri ilə üzləşsələr də, xaricə 356 130 meqavat-saat elektrik enerjisi satıb, cəmi 41 177 meqavat-saat idxal edib. Noyabrda isə vəziyyət dəyişib.
Noyabrın 25-də Moldova Energetika naziri Dorin Junghietu Ukraynanın Moldovaya elektrik enerjisi ixracını dayandırdığını bildirib. Moldova hökuməti xüsusi enerji rejimini daha 30 gün uzadıb və ölkənin elektrik təminatında əsas yükün Rumıniyanın üzərinə düşdüyü qeyd olunub.