ABŞ-də uçuşların dayandırılması ilə bağlı məhdudiyyət aradan qaldırılıb
RH
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə uçuşların 11 sentyabr 2001-ci il terror hücumlarından bəri ən uzunmüddətli dayandırılmasına səbəb olan məhdudiyyəti aradan qaldırıb.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, cümə günü dörd saatdan çox davam edən fasilə bütün hava hərəkətinə nəzarət mərkəzlərində yaranan rabitə problemi ilə əlaqədar olub.
Bildirilib ki, texniki nasazlıq 8500-dən çox reysin gecikməsinə, təxminən 8000 uçuşun isə ləğvinə səbəb olub. Məhdudiyyət tətbiq edilən zaman havada olan 3500-dən artıq təyyarənin bir qismi ehtiyat hava limanlarına yönləndirilib.
Daxili Təhlükəsizlik üzrə rəsmi nümayəndə Markveyn Mallin hadisə ilə bağlı heç bir kiberhücum əlamətinin aşkarlanmadığını və sərnişinlərin təhlükəsizliyinin təmin olunduğunu bildirib.
Bir neçə saatlıq fasilədən sonra ilk olaraq San-Fransisko Beynəlxalq Hava Limanından təyyarələrin uçuşuna icazə verilib. FAA Şərq Standart Vaxtı ilə saat 20:15-də ölkənin hava məkanını tam şəkildə yenidən istifadəyə açıb.