Paytaxtda güclü təsiredici dərman preparatlarının qanunsuz satışını təşkil edən şəxslər saxlanılıblar
RH
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus "Vidal" aptekində güclü təsiredici dərmanları narkotik asılılığı olan şəxslərə qanunsuz satdığı üçün tutulub. Obyektə baxış zamanı ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli "Diazepam" və "Pregabalin" ("lirika") həbləri aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə qanunsuz dövriyyədə iştirak edən daha altı nəfər – Orxan Kəngərli, Elşad Aslanlı, Pərviz İsmayılov, Tural Əliyev, Tural Ağayev və Murad Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Postxronika.az Daxili İşlər Naziriyinə (DİN) istinadən xəbər verir ki, istintaq zamanı T.Əliyevin müştəriləri aptek sahibi ilə əlaqələndirdiyi, ödənişlərin isə bəzi hallarda onun bank kartı vasitəsilə X.Mustafayevə ötürüldüyü müəyyənləşib. Eyni zamanda O.Kəngərlinin qanunsuz yolla əldə etdiyi psixotrop maddələri həm şəxsi istifadəsi üçün saxladığı, həm də qohumlarının vasitəçiliyi və gizli ünvanlar üzərindən tanışlarına satdığı texniki sübutlarla təsdiqini tapıb. Faktlarla bağlı X.Mustafayev və O.Kəngərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər saxlanılan şəxslərin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Xüsusi reseptlə buraxılmalı olan psixotrop və güclü təsiredici preparatların nəzarətsiz satışı cəmiyyətdə narkomaniya təhlükəsini dərinləşdirən ciddi hüquqpozma halıdır. Hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri qaçaqmalçılıq kanallarının və gizli satış şəbəkələrinin vaxtında zərərsizləşdirilməsinə yönəlib. Qanunvericiliyin tələblərini pozaraq əhalinin sağlamlığına qəsd edən aptek sahibləri və vasitəçilər barəsində ən sərt cəza tədbirləri tətbiq olunur.