Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar
NQ
Böyük Britaniyanın Nortumberlend qraflığında arxeologiya ixtisası üzrə birinci kurs tələbələri ilk qazıntı işləri zamanı Roma imperiyası dövrünə aid qiymətli artefaktlar aşkar ediblər.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nyukasl Universitetinin arxeoloqlarının sözlərinə görə, bu ilin əvvəlində üzə çıxarılan tapıntıların sayı və keyfiyyəti hətta təcrübəli tədqiqatçıları da təəccübləndirib.
Aşkarlanan əşyalar arasında təxminən 7 santimetr uzunluğunda qızıl zəncir parçası xüsusi diqqət çəkib. Mütəxəssislər zəncirin yüksək səviyyədə qorunduğunu, Roma zərgərlik sənətinə xas olan “halqa içərisində halqa” texnikası ilə hazırlandığını bildiriblər.
Tapıntılar arasında, həmçinin latın yazısı olan qurğuşun parçası, bürünc bəzək, sikkələr, nizə ucluqları, geyim aksesuarları və üzərində yazı izləri olan saxsı qablar yer alıb. Arxeoloqlar hesab edirlər ki, bu artefaktlar Roma imperiyasının şimal sərhədlərindəki həyat, yerli icmalarla romalıların qarşılıqlı əlaqələri və sənətkarlıq ənənələri barədə yeni məlumatlar əldə etməyə imkan verəcək.