Müşfiqabad qəsəbəsində “Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” mövzusunda tədbir keçirilib
RH
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Dövlət Komitəsi və “Dəmir Yumruq” İctimai Birliyinin təşəbbüsü ilə anım və maarifləndirmə tədbiri təşkil olunub. Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayan görüşdə azad olunmuş torpaqlardakı quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş etdirilib. Çıxışçılar keçmiş məcburi köçkünlərə göstərilən dövlət qayğısından və rəşadətli ordumuzun qazandığı tarixi zəfərin milli qürurumuzdakı müstəsna rolundan söz açıblar.
Postxronika.az Qaçınlar və Məcburi Köçkünlər İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan, çalışan və təhsil alan vətəndaşların sayı artıq 100 min nəfərə yaxınlaşır. Tədbir çərçivəsində Zəfər Günü münasibətilə təbriklər çatdırılıb və azad edilmiş ərazilərdəki dirçəlişin milli həmrəyliyi daha da möhkəmləndirdiyi vurğulanıb. Mərasimin sonunda iştirakçılara yenidənqurma və məskunlaşma prosesini əks etdirən maarifləndirici nəşrlər paylanılıb.
Doğma yurdlarına qayıdan vətəndaşların təhlükəsiz və ləyaqətli şəkildə məskunlaşdırılması dövlətin prioritet fəaliyyət istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri regionun sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişir. Böyük Qayıdış prosesinin uğurla reallaşdırılması xalqımızın tarixi torpaqlarımızda əbədi yaşayacağını bir daha təsdiqləyir.