Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl vura bilər
NQ
Türkiyə Avropa İttifaqından (Aİ) güzəşt deyil, 30 illik Gömrük İttifaqından irəli gələn hüquqlarının tanınmasını və ölkənin sənaye inteqrasiyasındakı mövqeyinə hörmətlə yanaşılmasını gözləyir.
Postxronika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Berlində keçirilən “2-ci Türk-Alman Avtomobil Zirvəsi”ndə çıxışı zamanı bildirib.
Nazir artan proteksionizm fonunda Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətinin yüksəldiyini vurğulayaraq, “Made in EU” strategiyasının Gömrük İttifaqının mövcud qaydalarına zidd təsir göstərə biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu ssenari Türkiyənin Aİ-yə avtomobil ixracının növbəti dörd ildə 53 faiz, 2035-ci ilədək isə 68 faiz azalmasına səbəb ola bilər.
Ö.Bolat bildirib ki, belə bir vəziyyət Türkiyədə 330 minə yaxın iş yerini və 20 milyard avro dəyərində avtomobil ixracını, Aİ-də isə təxminən 250 min iş yeri və 21 milyard avro həcmində avtomobil ixracını risk altına sala bilər. O, həmçinin mümkün iqtisadi itkilərin qiymət artımına, inflyasiyanın yüksəlməsinə və təchizat zəncirlərinin pozulmasına gətirib çıxara biləcəyini vurğulayıb.