Silvester Stallonenin həyatından bəhs edən “Mən Rokkiyəm” filmi təqdim olunur
RH
1976-cı ildə çəkilən əfsanəvi "Rokki" kinolenti o vaxtlar tanınmayan və gəliri olmayan Silvester Stallonenı qısa müddətdə dünya ulduzuna çevirmişdi. Həmin unikal uğur hekayəsi tamaşaçıların böyük marağına səbəb olacaq yeni "Mən Rokkiyəm" filmində geniş işıqlandırılır. Rejissor Piter Farrelinin ərsəyə gətirdiyi yeni ekran əsərində gənc Stallonenın üzləşdiyi ağır sosial çətinliklər və aktyorluq arzusu uğrunda apardığı əzmkar mübarizə əks olunur.
Postxronika.az BBC istinadən xəbər verir ki, Nyu-Yorkda evsiz yaşayan və nitq qüsuruna baxmayaraq xəyalından vaz keçməyən aktyor "Rokki"nin ssenarisini cəmi üç günə ərsəyə gətirib. Ekran işində gənc Stallone obrazını Entoni İppolito canlandırır və onun Hollivudda qarşılaşdığı saysız-hesabsız maneələr diqqətə çatdırılır. Bütün çətinliklərə rəğmən çəkilən film 1976-cı ilin ən çox gəlir gətirən layihəsi olmaqla yanaşı, "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.
Hollivudun bu növ parlaq zəfər hekayələri kinosevərlərə və gənc sənətçilərə böyük ilham verir. Mütərəqqi kinematoqrafiya nümunələri insan iradəsinin və zəhmətinin hər türlü maneəyə qalib gələ bildiyini sübut edir. Təqdim olunan yeni bioqrafik film kinosevərlərə unudulmaz emosiyalar bəxş etməklə yanaşı, əfsanəvi aktyorun irsinə növbəti ehtiram göstəricisidir.