Rusiya və Çin üçün milli süni intellekt modellərinin yaradılması informasiya suverenliyi baxımından vacibdir
NQ
Rusiya və Çin dillərində etibarlı məlumatlar əsasında öyrədilən milli süni intellekt modellərinin yaradılması informasiya suverenliyi və etimad baxımından mühüm əhəmiyyət daşıyır.
Postxronika.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu “TASS”ın baş direktoru Andrey Kondraşov Moskvada keçirilən 7-ci Rusiya-Çin Media Forumunda bildirib. Onun sözlərinə görə, peşəkar media qurumları uzun illər ərzində topladıqları və yoxlanılmış məlumatlardan ibarət arxivləri ilə milli süni intellekt modellərinin hazırlanması üçün əsas məlumat mənbələridir. Kondraşov “TASS”ın arxivinin 120 ildən çox tarixə malik olduğunu vurğulayıb.
O, bir sıra federal media qurumlarının artıq milli süni intellekt modellərinin təlimi üçün yoxlanılmış məlumatlarını təqdim etdiyini bildirib. Kondraşov, həmçinin media təşkilatlarının rəqəmsal transformasiyaya uyğunlaşmasının, yeni platforma və formatlardan istifadəsinin, eləcə də öz rəqəmsal ekosistemlərini formalaşdırmasının vacibliyini qeyd edib.