Fransada polis akademiyasında irqçi mesajlarla bağlı istintaq başlanıb
NQ
Fransanın Sena və Marna departamentində yerləşən Kann-Eklüz Polis Ali Məktəbinin kursantları arasında irqçi mesajların paylaşılması ilə bağlı Fontenblo prokurorluğu istintaqa başlayıb.
Postxronika.az AZƏRTAC agentliyinə istinadən xəbər verir ki, Daxili işlər naziri Loran Nünez hadisəni pisləyərək bir kursantın təhsil prosesindən kənarlaşdırıldığını, digərinin isə intizam proseduruna cəlb edildiyini bildirib.
İnzibati araşdırma çərçivəsində təxminən 30 kursant dindirilib, əsas şübhəli bilinən iki nəfər müəyyənləşdirilib. Fransa mətbuatının məlumatına görə, “WhatsApp” və “Instagram” qruplarında Şimali Afrika mənşəli kursantı hədəf alan irqçi və təhqiramiz mesajlar, nasist simvollarını əks etdirən görüntülər paylaşılıb.
Araşdırmaya Milli Polis Baş İdarəsinin Baş Müfəttişliyi (IGPN) də cəlb olunub.